Fəridə Ağazadə: “Region qəzetinə yeni düşüncə gəlməlidir”
Çoxlu sayda fəaliyyət göstərən qəzetlər sırasında özünə kifayət qədər oxucu məhəbbəti qazanan mətbu orqanlardan biri də uzunömürlü "Astara” qəzetidir. 1932-ci ilin aprel ayından nəşrə başlayan "Astara” qəzeti ötən dövr ərzində bir sıra adlarla - "Ostoro kolxozçu”, "Kolxoz tribunası”, "Sovet Astarası” adları ilə çıxıb. 1991-ci ildən isə "Astara” adı ilə oxuculara təqdim olunub. illər ötdükcə qəzetin adları dəyişsə də, amalı dəyişməyib. Onun səhifələrində dövrə uyğun, zamanla səsləşən yazılar dərc olunub. Qəzet yarandığı gündən onun çoxlu sayda redaktorları, əməkdaşları, kəndlərdə ştatsız müxbirləri olub.
Qəzet bütün dövrlərdə milli mətbuatımızın ənənələrinə sadiq qalıb, öz səhifələrində rayonun tarixi, mədəni, sosial-iqtisadi, ictimai-siyasi həyatını və digər sahələrini geniş işıqlandırmaqla salnamə rolunu oynayıb. Uğurlu fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, dəfələrlə Azərbaycan Jurnalistlər ittifaqının, Mətbuat şurasının və Azərbaycan Respublikası Prezidenti yanında KiVDF-nin keçirdiyi yaradıcılıq müsabiqələrinin qalibi olub. "Astara” qəzeti həmişə obyektiv mövqe tutub, dövlətçiliyə sədaqət, ulu öndər Heydər əliyevin, Prezident ilham əliyevin apardıqları müdrik siyasətin təbliğ olunmasında fəallıq göstərib. Məhz bu ənənə bu gün qəzetin ən gənc baş redaktoru Fəridə Ağazadə tərəfindən davam etdirilir. Fəridə Ağazadə 1993-cü il martın 30-da Astara rayonunun qədim Kijəbə qəsəbəsində anadan olub. Nail Həsənov adına Kijəbə qəsəbə orta məktəbini 2010-cu ildə, Xəzər Universitetinin jurnalistika fakültəsini isə 2016-cı ildə qırmızı diplomla başa vurub. Oxuduğu illər ərzində universitetdə istedadlı tələbə kimi tanınmış dekanlığın fəxri diplomlarına layiq görülüb. 2017-ci il aprelin 4-dən "Astara” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Gənc redaktorun jurnalistika və qəzetçilik sahəsinə olan böyük sevgisini və qəzetin 85 illik yubileyini nəzərə alaraq, Fəridə Ağazadə ilə söhbətləşmək qərarına gəldik. Gənc redaktor qəzetimizə müsahibəsində mətbu orqanın fəaliyyəti, qarşıda duran məqsədlər və şəxsi duyğularını bizimlə paylaşdı...
- Fəridə xanım, rəhbərlik etdiyiniz qəzet həftəlik, yoxsa aylıqdır?
- "Astara” qəzetinin 85 yaşı var. Astara Rayon icra Hakimiyyətinin təsis etdiyi ictimai-siyasi qəzetdir. 1932-33-cü illərdə region qəzetləri fəaliyyətə başlayıb. Bir müddət sovet dönəmində müəyyən fasilələr yaransa da, müstəqillik əldə etdikdən, ulu öndər Heydər əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi mətbuatda da uğurlu işlər görülməyə başladı. Region qəzetləri də fəaliyyətini davam etdirdi. "Astara” qəzeti də həmçinin. Mən gələnə qədər qəzet ayda bir dəfə 8 səhifə çap olunurdu. Baş redaktor təyin olunduqdan sonra qarşıma məqsəd qoydum ki, qəzetimiz 16 səhifə olsun. Maariflənməyə ehtiyacımız olduğu üçün rubrikaların sayını artırmaq istəyirdim. Hazırda vətənpərvərlik, elm-təhsil, iqtisadiyyat, siyasət, kənd təsərrüfatı və s. bütün sahələri işıqlandırmağa çalışırıq. Artıq 16 səhifəlik bir qəzetdir. 16 səhifəlik qəzeti regionda kiçik komanda ilə hazırlamaq çətin, məsuliyyətli və şərəfli işdir.
- Qəzetinizdə əsasən hansı səpkili informasiyalar, yazılar dərc olunur?
- Qəzetimiz 16 səhifəlik böyük formatda və rəngli çap olunur. 85 illik fəaliyyəti dövründə qəzetimiz Azərbaycan Respublikasına, xalqımıza xüsusilə yenidən müstəqillik qazanmış dövlətimizin inkişafı və möhkəmlənməsinə bir mətbuat orqanı kimi ləyaqətlə xidmət edib. Ümummilli lider Heydər əliyevin, onun layiqli varisi möhtərəm prezidentimiz ilham əliyevin apardıqları müdrik siyasətin təbliğində bizim qəzet də mühüm rol oynayıb. Qəzetimiz bu gün də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir, aydın və qətiyyətli mövqeyi ilə seçilir.
- Hansı mövzulara üstünlük verirsiz?
- Qəzetimizin səhifələrində demək olar ki, rayon həyatının bütün sahələrinə dair mövzular öz əksini tapır. Qəzetdə rayonun iqtisadi, sosial və mədəni həyatı geniş işıqlandırılır. Hörmətli prezidentimiz cənab ilham əliyevin sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramlarının rayonumuzda həyata keçirilməsi üçün görülən tədbirlərə, tikinti-quruculuq və abadlıq işlərinin aparılmasına, aqrar sahəyə, gənclərin əməyi və qayğılarına, əxlaqi və mənəvi məsələlərə dair yazılar dərc olunur. Region qəzetləri ölkənin ictimai-siyasi və sosial həyatında çox böyük əhəmiyyət kəsb edir. Rayonumuzun yeganə mətbuat orqanı olan "Astara” qəzetində başqa mövzularla yanaşı hərbi vətənpərvərlik sahəsində də maarifləndirmə işlərini uğurla həyata keçiririk.
- Heyətiniz neçə nəfərdən ibarətdir?
- Qəzetçilik səbr, diqqət, möhkəm və sağlam iradə tələb edən bir işdir. Dörd nəfərdən ibarət çox gözəl kollektivimiz var. Özümü rahat və bir o qədər də xoşbəxt hesab etdiyim məkan varsa, o da qəzetimizin redaksiyasıdır. Son bir ildə "Astara” qəzetində olan yeniliklər, xüsusən maarifləndirici rubrikaların sayının artırılması, gənclik və müsahibə səhifələrinin əlavə olunması bizi oxucular ilə daha sıx birləşdirdi. Fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə Astara rayonunun icra başçısı cənab Qəzənfər Ağayevə mənə etimad göstərib, bu məsul vəzifəyə layiq gördüyünə, qəzetimizə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. əlavə edim ki, mən baş redaktor təyin olunandan sonra bizimlə əməkdaşlıq etmək üçün xeyli könüllü müraciət etdi. Heç bir məvacib tələb etmədən yazmaq istədiklərini bildirdilər. 20 gənc artıq könüllü olaraq layihələrimin, tədbirlərimin həyata keçirilməsində bizə kömək edir.
- "Astara” qəzetinin daha da inkişaf etdirilməsi üçün hansı işlər planlaşdırırsınız?
- Yenilikləri çox sevirəm. Düşünürəm ki, yeni fikirlər yeni uğurlara yol açır. Uğurumun sirri hədəflərim, əzmim, məqsədim və faydalı olmağa çalışmağımdı. Region qəzetimizi yenilikçi düşüncədə görmək istəyi ilə qəzet səhifələrini artırmaqla yanaşı regionda ilk dəfə olaraq "Astarainfo.az” xəbər saytını təsis etdim. Qəzetlə yanaşı, saytın da işlərini görürük. Bu saytı yaratmaqda əsas məqsədim xaricdə yaşayan həmyerlilərimizə regionumuzla bağlı xəbərlərin çatdırılması və operativ olmaq idi. Qəzet elədir ki, xaricdə yaşayan həmvətənlərimizin onu operativ əldə etməsi bir az çətindir. Amma indi onlayn olaraq məlumatları saytımızdan əldə edə bilirlər. Rayonun bir çox məktəblərində iKT (informasiya Kommunikasiya Texnologiyaları) sahəsində uğurlu təlimlərə başladım. şükürlər olsun ki, bu müddət ərzində həm saytımız, həm də qəzetimiz ölkə mediasına inteqrasiya edə bildi. Sayta qoyduğumuz xəbərlər təkcə regionu deyil, ölkə və dünya xəbərlərini də əhatə edir. Qəzetimizin internet variantının yaradılması, 8 səhifədən 16 səhifəyə uğurlu çıxışımız, ilk dəfə olaraq kitab və qəzet yarmarkası, qəzet səhifələrində yeni rubrikalar və layihələr "Astara” qəzet komandasını daha çox çalışmağa həvəsləndirir. Bundan əlavə mart ayında Mingəçevir şəhərində bölgə jurnalistləri üçün "Data jurnalistika” mövzusu üzrə keçirilmiş üç günlük təlimdə jurnalist kimi iştirak etmişəm. Nəticədə Azərbaycanın bölgə jurnalistləri üçün Data Jurnalistika mövzusunda təşkil olunan müsabiqədə 20 bölgə jurnalisti arasından ikinci dərəcəli mükafata layiq görülmüşəm. Onu da bildirim ki, mart ayında Bakıda keçirilmiş Azərbaycan Jurnalistlərinin VII Qurultayında da iştirak etmişəm. Qurultayda region mətbuatı təmsilçiləri arasında "Astara” qəzetinin baş redaktoru kimi çıxış edərək region mətbuatının daha da inkişaf etdirilməsi sahəsində təkliflərimi irəli sürdüm. Məqsədim region mediasının ölkənin ictimai-siyasi və sosial həyatında mühüm rol oynadığını diqqətə çatdırmaq idi. Qəzetlərin xəbər portallarının yaradılması, onlara dövlət tərəfindən maliyə vəsaitinin ayrılması istiqamətində verdiyim təklif də qurultay iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Bütün bu yeniliklər peşəmə olan marağımı artırmaqla yanaşı məni daha da məsuliyyətləndirir.
- Region mətbuatının inkişafı üçün hansı tədbirlərin görülməsini təklif edirsiz?
- Bakıda qəzetləri yaşadacaq istənilən qədər insan var. Amma region qəzetinə yeni düşüncə gəlməlidir. Düşünürəm ki, regionlardakı mətuatın maddi-texniki bazaları günün tələblərinə uyğunlaşdırılmalı, peşəkar jurnalistlərin fəaliyyətinə üstünlük verilməlidir. Bu gün sirr deyil ki, peşəkar jurnalistlərin əksəriyyəti paytaxt qəzetlərində fəaliyyət göstərirlər. Onu da qeyd edim ki, regionun jurnalistika ixtisası üzrə təhsil alan gəncləri də daha çox Bakıda çalışmağa üstünlük verir. Digər tərəfdən əyalətlərdə mətbəələrin olmaması da bu sahədə çətinliklər yaradır. Möhtərəm prezidentimiz ilham əliyevin Regionların sosial iqtisadi inkişafını təmin etmək məqsədilə imzaladığı sərəncamlar və dövlət proqramları bütün regionlarda olduğu kimi Astarada da uğurla həyata keçirilir. Məhz region mətbuatının günün tələblərinə uyğun inkişafı üçün də Dövlət Proqramlarının olmasını bir jurnalist olaraq çox istərdim. Xüsusilə qeyd etməliyəm ki, regionda olan gənclərə jurnalistika peşəsini sevdirmək, onlara bu sahənin mahiyyətini anlatmaq üçün peşəkar jurnalistlərin bölgələrdə təlimlər və marifləndirici tədbirlər keçməsi də region mətbuatında kadr peşəkarlığını daha da artıracaq. Bu gün bizim maariflənməyə, məlumatlanmağa çox ehtiyacımız var. Yeni medianın ənənəvi medianı arxa plana atmasını istəmirəm. istəyirəm ki, fəaliyyətlər paralel şəkildə davam etdirilsin. Yeni mediada qəzetlərin internet formaları var ki, mən də onu həyata keçirmişəm. ilk dəfə olaraq kitab və qəzet yarmarkası məhz Astarada həyata keçirməkdə əsas məqsədimiz kitaba, qəzetə olan həvəsi artırmaq, milli-mənəvi dəyərlərimizi, tariximizi qoruyub saxlayan kitablarımızı, qəzetimizi yaşatmaq, gənclərimizi oxumağa həvəsləndirməkdir. Ümumilikdə mənim məqsədim irəli getmək, elm-təhsilə önəm vermək və xalqına, millətinə xeyirli bir insan olmaqdır. Düşünürəm ki, hər kəsin uğura aparan öz yolu var, əgər kimisə təqlid etsəm, yolumda, necə deyərlər, qarşıma çıxan daşları görməyib büdrəyə bilərəm. Vətənpərvər, ölkəni, xalqını sevən vətəndaş kimi dövlətimə, xalqıma layiqincə xidmət etməyə çalışıram. Önümüzdəki aylarda rayonumuzun bir qrup jurnalistikanı sevən fəal gənclərinə jurnalistika ilə bağlı təlimlər keçməyi düşünürəm. Bu da onları öz arzu və məqsədlərinə daha da yaxınlaşdıracaq və jurnalist peşəsini daha çox sevməyə, mənimsəməyə yardımcı olacaqdır deyə düşünürəm. Rayonun yeganə media orqanı olan "Astara” qəzeti hər zaman olduğu kimi bu gün də qəzetçilik və dövlətçilik ənənələrinə sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir.
Doğma rayonuma olan sevgidən "Astara” qəzetini yaşatmaq, irəli aparmaq, ölkə səviyyəsinə çıxarmaq və oxucularının sayını daha da artırmaq əsas məqsədimdir. əgər bir işi görə bilərəmsə, nə üçün bunu etməməliyəm. insan özünü hər yaşda yeni imkanlarla dəyərləndirməlidir. inanıb çalışmaq lazımdır. Baş redaktor kimi şərəfli, bir o qədər də məsuliyyətli işi çiyinlərimə götürdüyüm üçün heç vaxt qorxmadım. Çünki özümə inanırdım. Həyatım boyu inamsızlığı və ümidsizliyi özümə yaxın qoymamışam. Qəzetdə əsl peşəkar jurnalistlərlə çiyin-çiyinə çalışmaq, həm böyük uğur, həm də böyük məsuliyyətdir. Uğurlu olmağın sirlərindən biri də şəxsi keyfiyyətin yaxşı olmasıdır. əgər şəxsi keyfiyyətlərin yaxşı deyilsə, nə qədər savadlı, müəyyən dərəcələrin olsa da, insanlarla ünsiyyət qurub yola gedə bilmirsənsə, uğur qazanılmaz. ilk böyük uğurum qəzetdə çox şey öyrənməyimlə bağlıdır və bu gün də öyrənirəm. Çətin işimi layiqincə, uğurla və yenilikçi ideyalarımla yerinə yetirməyə çalışıram.
Anar Bayramoğlu